Təhsil İdman Peşə İnnovasiya Karyera

Məqalələr

Logo

Şuşa -Tarix və Mədəniyyət Beşiyi

Şuşa -Tarix və Mədəniyyət Beşiyi

Vaqifə Məktub

O torpağa ilk dəfə ayaq basanda qəlbimə sözlə ifadəsi çətin olan bir hiss doldu - qürur, hüzur və dərin minnətdarlıq. Bir vaxtlar xəyal kimi danışılan, haqqında kitablardan oxuduğum, tanıdığım Şuşa, artıq reallığın özü idi. Bu müqəddəs şəhərə səfər mənim üçün sadəcə ziyarət deyildi, həm də içimdə daşıdığım tarixlə, ruhla, sözlə qarşılaşma idi. Elə bil yalnız dağlara, Natavanın ev muzeyinə, Vaqifin məqbərəsinə, Cıdır düzünə deyil, birbaşa tarixə baxırdım. Sən yalnız poeziyamızın ustadı deyildin, Vaqif. Bu torpaqda sözə nəfəs verdin. Azad Şuşaya səfərim zamanı, sənin məqbərənin qarşısında dayanarkən hiss etdim: buradakı hər daşda sənin səsin, misraların var. Sanki səssizliyin özü səninlə danışırdı...

Bu yazını 8 may tarixində - Şuşanın işğal günündə qələmə almağa başlamağım təsadüfi deyildi. Çünki bu tarix həm xatırlamaq, həm də unutmadığımızı ifadə etmək üçün xüsusi məna daşıyır. Uzun illər bu gün bir ağrı, bir həsrət kimi yaddaşımıza həkk olunmuşdu. Amma bu gün artıq Şuşa azaddır! Vətənimizin igid övladları 44 günlük Vətən müharibəsində, bizə bu sevinci yaşatdılar. Zəfər onların qanı, ruhu, iradəsi ilə yazıldı. Şuşa - sadəcə məkan deyil, bu torpaq milli kimliyimizin simvoludur. Burada Vaqifin, Natavanın, Bülbülün,Üzeyirin ruhu yaşayır. Hər daşı tarix, hər addımı dərsdir. Cıdır düzündə dayananda sanki torpaq mənimlə danışırdı: “Qayıtdınız. Nə yaxşı ki, qayıtdınız!” Bu hisslərlə “İki ömür, iki şəhid” adlı yazımı qələmə aldım. Onlar yalnız bir ömür deyil, bir amalın, bir inancın daşıyıcısı, azadlığımızın canlı təcəssümüdürlər. Eyni zamanda, “Azərbaycan gəncliyinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı məqaləmdə də bu torpağın yalnız keçmişi ilə deyil, gələcəyi ilə də ucaldığını, güclü təməllər üzərində qurulmaqda olduğunu vurğulamağa çalışdım.

Yazdıqlarım və etdiklərim bir amalın daşıyıcısıdır: unutdurmamaq, yaşatmaq, gələcəyə daşımaq. Bu gün biz o Şuşadayıq ki, bir vaxtlar onun azadlığı yalnız dualarda səslənirdi. İndi isə həmin Şuşada musiqi səslənir, poeziya danışır, gələcək qurulur.

Müəllif: Mənzər Süleymanova

 


Şuşa -Tarix və Mədəniyyət Beşiyi Şuşa -Tarix və Mədəniyyət Beşiyi
2 Sentyabr 2025