Laçın şəhərində keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov layihənin bu il "MDB-nin mədəniyyət paytaxtı" olan Laçın şəhərinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini bildirib.
Xüsusi nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Laçın rayonunda da geniş infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Laçın şəhərində gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Şəhərdə qurulan kinostudiya, yaradıcılıq mərkəzi, qalereyalar və s. burada mədəni mühitin canlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Məsim Məmmədov Laçında gerçəkləşən beynəlxalq mədəniyyət layihələrinə dəstək verən qurumlara və şəhərə təşrif buyurmuş yaradıcı gənclərə təşəkkürünü bildirib.
Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev deyib ki, 26 avqust - Laçın Şəhəri Gününə həsr olunan gənclər düşərgəsinin MDB ölkələri arasında mədəni inteqrasiyaya töhfə verməklə yanaşı, dövlətimiz tərəfindən dirçəldilən Laçın şəhərində yaradıcı mühitin inkişafında da rol oynayacaq.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu icraçı direktorunun müavini Elvira Dolya, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, bu qəbildən layihələr yaradıcı gənclər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına zəmin yaradır.
Sonra tədbir iştirakçıları Laçının "MDB-nin mədəniyyət paytaxtı" elan olunmasına və gənclər düşərgəsinə həsr edilən videoçarxları izləyiblər.
Sonda ölkəmizdən və xaricdən düşərgəyə qatılan gənclərə, eləcə də layihənin reallaşmasında iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.
Başlanış mərasimi bədii hissə ilə başa çatıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən düşərgədə ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər. Laçın Şəhəri Günü çərçivəsində eyni zamanda “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” də gerçəkləşib.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026