2026-cı il oktyabrın 5-də Azərbaycanın “Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında fotosərgi açıb.
Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. Bundan başqa, Cenevrədə stendlərlə tanış olan xarici izləyicilər Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin, dağıntıların təsvirləri və həmin ərazilərdə Azərbaycan dövlətinin qurduğu yeni həyatın, dirçəlişin tabloları ilə tanış olublar.
“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, bu fotolar beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırır, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır, Azərbaycan minadan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla da kəskin çirkləndirilib. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub.
Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur, hətta aşkar edilmiş bir sıra kütləvi məzarlıqların ətrafı da minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayət hesab olunmalıdır.
Ekspozisiya ilə tanış olanlara məlumat verilib ki, bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir. 2020-ci ildə 44 günlük müharibədən sonra - Azərbaycanda mina hadisələrindən ölən şəxslərin mütləq əksəriyyəti mülki şəxslərdir.
O da qeyd olunub ki, mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir.
Ekspozisiya ilə tanış olanlar yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun minadan azad bölgə elan olunmasını arzulayıblar.
Azərbaycan QHT-si BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı digər Avropa ölkələrində də davam etdirəcək.
“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
16 Noyabr 2026
Budapeştdə ELSA-nın 90-cı Beynəlxalq Şura Toplantısı keçirilib
16 Noyabr 2026
Beynəlxalq Gənclər Forumu
25 Oktyabr 2026
WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026
“Beynəlxalq gənclər üçün süni intellekt müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəh…
19 May 2026
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026
Sumqayıtda WUF13 Festivalının ictimai proqramı baş tutub
12 May 2026
Sumqayıt şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
12 May 2026
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11 May 2026
12 may 2026-cı il tarixindən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakı şəhərinin əsas mə…
11 May 2026